Aqronomiya yunanca olan «agronomos» sözünün bizim dildəki deyiliş formasıdır. Agronomos sözü isə «agros» və «nomos» sözlərinin birləşməsindən yaranıb:
Agros — tarla, sahə;
Nomos — qanun.
Yəni, tarlaçılıq qanunları haqqında elm. Geniş mənada kənd təsərrüfatının bütün sahələrinə dair biliklər məcmusudur. Aqronomiya Qədim Yunanıstanda və Romada təcrübə əsasında meydana gəlmiş, yalnız 18-ci əsrdə müstəqil elm kimi inkişaf etməyə başlamışdır.
Müasir kənd təsərrüfatı elmlərini aşağıdakı qruplara bölmək olar:
- biologiya elmləri (aqrobiologiya, genetika və seleksiya);
- bitki becərilməsi haqqında elmlər (ümumi əkinçilik və xüsusi əkinçilik, yaxud bitkiçilik);
- kənd təsərrüfatı bitkilərinin inkişaf mühiti və bu mühitin kökündən dəyişdirilməsi haqqında elmlər (torpaqşünaslıq, aqrometeorologiya, aqromeşəmeliorasiya, meliorasiya və aqrokimya);
- kənd təsərrüfatı bitkilərini mühafizə haqqında elmlər (kənd təsərrrüfatı və meşə entomologiyası, fitopatologiya, kənd təsərrüfatı bitkilərinin xəstəlikləri və ziyanvericiləri ilə mübarizə vasitələri və üsulları haqqında təlim, kənd təsərrüfatı bitkilərinin karantini barəsində təlim və sair);
- heyvandarlıq elmləri (ümumi və xüsusi zootexnika);
- baytarlıq elmləri;
- kənd təsərrüfatının mexanikləşdirilməsi və kənd təsərrüfatı tikintisi işləri;
- kənd təsərrüfatının iqtisadiyyatı və təşkili məsələlərini əhatə edən elmlər;
- kənd təsərrüfatı məhsullarının ilkin emalı və saxlanması haqqında elmlər və sair.
Azərbaycanda Aqronomiya elminin inkişafında professor Ə. C. Rəcəblinin böyük rolu olmuşdur.
İstinad olunmuş mənbə: Azərbaycan Sovet Ensiklopediyası 1976
4122 dəfə cəmi, 1 dəfə bu gün baxılıb